Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli həbs olunub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Aparılmış istintaqla müəyyən edilib ki, 2017-ci ildən 2019-cu ilə qədər Səfərli digər şəxslərlə əlbir olub dövlət büdcəsindən ayrılan ümumilikdə 7,116 milyon manatı mənimsəyib. Bu faktla əlaqədar cinayət işi başlanıb.
Məlumata görə, Səfərli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilib.
“Hazırda cinayət işi üzrə qeyd edilən korrupsiya şəbəkəsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri və dövlətə vurulan ziyanın bərpa olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - Baş Prokurorluq məlumat verir.
Səfərli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2020-ci ilin aprel ayında prezident İlham Əliyev Vüqar Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, ötən ilin iyun ayında Baş Prokurorluqda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən büdcə vəsaitlərinin istifadə olunmasında yol verilən pozuntularla bağlı cinayət işi başlanılıb.
2020-ci ilin iyun ayında Hesablama Palatası Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda büdcədən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı aparılmış auditin nəticələrini dərc edib. Auditlə vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə nöqsanlar aşkar edilib. **
X.Nəsirzadə