Azərbaycanda Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkara verilən güzəştli kreditlərin ümumi həcmi 127 milyon manat təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verir.
Sahibkarlıq subyektlərinin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 127 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 2,7 mindən çox yeni iş yerinin açılmasına imkan verir.
Nazirlikdən qeyd olunur ki, güzəştli kreditlərin 58%-i aqrar sektorun, 42%-i sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 79%-i regionların, 21%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
B.Rüstəmbəyov