OPEC 2021-ci il üçün Azərbaycanda kondensatla birlikdə sutkalıq neft hasilatı üzrə proqnozu müvafiq olaraq 730 min barelə qədər artırıb. Bu barədə kartelin aylıq hesabatında deyilir.
“2021-ci ildə OPEC+ çərçivəsində xam neftin hasilatının könüllü təshih edilməsinə uyğun olaraq, proqnozlara əsasən, Azərbaycanda maye karbohidrogen istehsalı sutkada 0,73 milyon barel təşkil edəcək”, - hesabatda qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Daha əvvəl OPEC 2021-ci ildə Azərbaycanda kondensatla birlikdə sutkalıq neft hasilatını 0,72 milyon barel səviyyəsində proqnozlaşdırmışdı.
Eyni zamanda, kartel 2020-ci ildə Azərbaycanda maye karbohidrogen istehsalı üzrə proqnozu dəyişilməz saxlayıb – 0,73 milyon barrel səviyyəsində.
“2020-ci ilin noyabr ayında Azərbaycanda maye karbohidrogen hasilatı sutkada 0,02 milyon barrel – 0,71 milyon barrelədək artıb, buna 0,59 milyon barrel xam neft və 0,12 milyon barrel kondensat daxildir. Şahdəniz yatağından gündəlik kondensat hasilatı rekord səviyyəyə – 123 min barrelə çatıb və gözlənildiyi kimi, gələcəkdə də artacaq, çünki layihənin səhmdarları2021-ci ilin birinci yarısında bu yatağın dərin sulu cənub-şərq cinahını istismara verməyi planlaşdırır”, - kartel qeyd edib.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. **
N.Abbasova