Ermənistan Azərbaycan ərazilərinin işğalı dövründə 120-dən çox alban kilsəsini erməniləşdirib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bəyan edib.
“İşğal altında olan 128 alban kilsəsinin demək olar ki, hamısı, Kəlbəcərdə Xudavəng monastırı, Laçında Ağaoğlan monastırı, Ağdərədə Qandzasar monastırı və Xocavənd rayonunda Amasar monastırı erməni qriqoryan kilsəsinə çevrilib. Ermənistan Azərbaycanın tarixi, dini və mədəni abidələri barəsində xüsusi siyasət həyata keçirib”, - İsmayılov AzTV dövlət telekanalının “Əsas məsələ” proqramında bildirib.
Onun sözlərinə görə, Ermənistan Qarabağda Azərbaycanın tarixi-mədəni və dini irsini məhv etmək məqsədi güdüb.
“Bu məqsədlə onlar 3 istiqamətdə işləyiblər. Öncə islam monastırları, məscidlər və ziyarətgahları dağıdıblar. İkincisi, islam monastırlarını digər xalqın mədəni nümunələri kimi təqdim ediblər, yəni zəbt ediblər. Üçüncü istiqamət – alban monastırlarına münasibətdir. Burada onların siyasətinin məğzi həmin monastırları özününküləşdirmək və erməniləşdirməkdən ibarət olub”, - İsmayılov əlavə edib. **
X.Nəsirzadə