Prezident İlham Əliyev bəyan edib ki, Füzuli Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq, o,bu il istifadəyə verilməlidir.
“Azad edilmiş ərazilərin inkişafı ilə bağlı işlərə start verilib. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq”, - deyə dövlət başçısı Füzuli rayonunda hava limanının təməlqoyma mərasimində bildirib.
“Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”, - deyə dövlət başçısı qeyd edib.
O, həmçinin bildirib ki, azad edilmiş torpaqlarda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək.*
X.Nəsirzadə