Prezident İlham Əliyev bəyan edib ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, Azərbaycanın cavabı çox sərt olacaq.
“Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər”,- deyə dövlət başçısı Şuşa şəhərinə səfər zamanı bildirib.
O əlavə edib ki, 44 günlük müharibə ermənilərin yadından çıxmasın.
“Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik”, - deyə İ.Əliyev vurğulayıb.
“Biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq”, - deyə prezident qeyd edib.*
Ə.Məmmədov