Azərbaycan Şuşa şəhərini ən qısa müddətdə bərpa edəcək. Bunu prezident İlham Əliyev deyib.
“Biz bu şəhəri bərpa edəcəyik. Mənim göstərişimlə böyük bir qrup ezam edildi, bütün təhlil aparıldı. Dünən mənə ilk dəfə olaraq məruzə edildi, artıq müvafiq göstərişlər verilibdir”, - deyə dövlət başçısı şəhərə səfəri zamanı bildirib.
“Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”, - deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan torpaqları danışıqlar yolu ilə qaytarmayıb. “Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq”, - deyə prezident bildirib.*
B.Rüstəmbəyov