2020-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 37,1 milyard manatlıq və ya 2019-cu illə müqayisədə 5% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,5% artıb.
2020-ci ildə sənaye məhsulunun 61,3%-i mədənçıxarma sektorunda, 32,5%-i emal sektorunda, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 10,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 9,6 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 67,4%, sair nəqliyyat vasitələrinin istehsalı 47%, kağız və karton istehsalı 36,9%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7%, kompüter, elektron və optik məhsulların istehsalı 34,5%, geyim istehsalı 32,7%, kimya sənayesi məhsullarının istehsalı 20,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 11,9%, toxuculuq sənayesi məhsullarının istehsalı 7,4%, hazır metal məmulatlarının istehsalı 7,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7% artıb.
Hesabat ilində qida məhsullarının istehsalı 2,1%, poliqrafiya məhsullarının istehsalı 2,3%, neft məhsullarının istehsalı 3,6%, maşın və avadanlıqların istehsalı 5,1%, tütün məmulatlarının istehsalı 7,9%, içkilərin istehsalı 13,7%, mebel istehsalı 26,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 41,3%, tikinti materiallarının istehsalı 0,1% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,4% azalıb.*
N.Abbasova