2020-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $3 milyard 9 milyon 847,41 min təşkil edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 49,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2020-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi $24 milyard 471 milyon 287,85 min (2019-cu illə müqayisədə azalma 26,5% - İF) təşkil edib. Hesabat dövründə ixracın dəyəri $13 milyard 740 milyon 567,63 min (azalma 30%), idxalın dəyəri $10 milyard 730 milyon 720,22 min (azalma 21,5%) təşkil edib.
İxracın strukturunda əsas həcm (86,53%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 15,29% ərzaq məhsullarının, 0,8% tütün və tütün məhsullarının, 3,51% əczaçılıq məhsullarının, 0,94% gübrələrin, 3,22% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,41% odun və agac məhsullarının, 1,92% geyim və geyim aksessuarlarının, 8,82% qara metal və ondan hazırlanan məmulatların, 23,63% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 14,43% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,75% mebelin, 24,28% digər məhsulların payına düşüb.
2020-ci ildə xarici ticarət əməliyyatlarında 8,251 min özəl və dövlət müəssisəsi və 37,211 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 183 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
2020-ci ildə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 30,36%-i), Türkiyə (18,91%), Rusiya (5,16%), Yunanıstan (3,81%), Xorvatiya (3,43%), Gürcüstan (3,36%), Hindistan (3,32%), İsrail (3,18%) və Çinlə (3,15%), əsas idxal əməliyyatlarını isə Rusiya (18,29%), Türkiyə (14,57%), Çin (13,18%), ABŞ (5,93%), Almaniya (5,44%), Fransa (4,18%), Ukrayna (3,9%), İtaliya (3,69%), İran (2,8%) və Böyük Britaniya ilə (2,77%) həyata keçirib.*
Ə.Məmmədov