Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq. Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
“Koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlamağa qərar verilib. İlk olaraq tibb işçilərinin vaksinasiyasına başlanılacaq, bu proses 1-1,5 həftə davam edəcək. Fevralın 1-dən isə yaşı 65-dən yuxarı olan şəxslərə vaksin vurulacaq”, - deyə o bildirib.
Ş.Mövsümov əlavə edib ki, bu məsələ ölkə rəhbərliyinin diqqət mərkəzindədir və vaksinlərin ilk partiyası artıq gəlib.
Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib ki, vaksinlərin ölkəyə gətirilməsi ilə bağlı COVAX çərçivəsində və vaksin istehsalçıları ilə bilavasitə danışıqlar aparılıb.
“2021-ci ildə Azərbaycana Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyə etdiyi 2 milyon doza vaksin gətiriləcək. Eyni zamanda, biz Çinin “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş etmişik. Vaksinlər əvvəlcə Türkiyəyə gətirilərək laboratoriyalarda yoxlanıldıqdan sonra bir neçə partiya ilə Azərbaycana gətiriləcək”, - deyə o qeyd edib.
T.Musayev əlavə edib ki, artıq bütün rayonlarda vaksinasiya məntəqələri qurulub və hazırda Şuşa şəhərində də müvafiq məntəqənin qurulması istiqamətində iş aparılır.
O, əhalini vaksinasiya prosesində fəal iştirak etməyə dəvət edib.*
N.Abbasova