Hazırda Azərbaycanda koronavirusa yoluxma əmsalı 5%-ə qədər azalıb. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
“Sağalanların sayı ilə yoluxanların sayı arasında 3-4 dəfə fərq var. Yoluxma səviyyəsi 31%-dən 5%-ə qədər azalıb. Bu da çox önəmlidir”, - deyə o bildirib.
Y.Qarayevanın sözlərinə görə, dekabr ayı ilə müqayisədə yanvar ayında həftəlik yoluxma göstəricisinin azalması tendensiyası müşahidə edilir.
“14-20 dekabrda 26 214 yeni yoluxma qeydə alınsa da, 4-10 dekabrda 4386 yeni yoluxma olub. Ölkədə aktiv xəstələrin sayı da azalır”, - deyə o qeyd edib.
Yanvarın 15-nə Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının ümumi sayı 226,549 minə, ölənlərin ümumi sayı 2983 nəfərə çatıb. Virusa yoluxmuş 213,773 min nəfər müalicə olunaraq sağalıb. Aktiv xəstə sayı 9 min 793 nəfərdir.
Pandemiyanın əvvəlindən ölkədə ümumilikdə 2 milyon 302,843 min test aparılıb.*
N.Abbasova