SOCAR yanvarın 18-də şirkətin istiqrazlarının sahiblərinə 17-ci dəfə faizlər üzrə $1,25 milyon məbləğində ödəniş həyata keçirəcək. Bu barədə "SOCAR Capital" şirkətinin məlumatında deyilir.
17 yanvar tarixi qeyri-iş gününə təsadüf etdiyindən vəsait 18 yanvar tarixində istiqraz sahiblərinin hesablarına köçürüləcək.
Qeyd olunan qiymətli kağızların sahiblərinin qazancı indiki ödəniş də nəzərə alınmaqla $21,25 milyon təşkil edəcək.
“İstiqrazlar üzrə növbəti faiz ödənişi 17 aprel 2021-ci il tarixində baş tutacaq”, - deyə məlumatda bildirilir.
SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi $195 milyonu ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır – ümumilikdə 2,3 mindən çox əqd bağlanıb.
“SOCAR istiqrazları Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilib və REPO əməliyyatlarının həcmi $37 milyon təşkil edib”, - deyə məlumatda qeyd olunur.
SOCAR 2016-cı ilin sentyabr ayında daxili bazarda $100 milyon həcmində istiqrazların ilk buraxılışını həyata keçirib. Şirkətin istiqrazlarına tələb $203,4 milyonu ötüb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd 5 illik istiqraza bölünüb. Kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır.
SOCAR istiqrazları üzrə gəlirlilik ildə 5% təşkil edir və faizlər hər 3 aydan bir ödənilir.
İstiqrazların dövriyyədə olduğu 5 il ərzində ümumi gəlir $25 milyon təşkil edəcək.*
N.Abbasova