Qara dənizin Türkiyə hissəsində, Bartın vilayətinin İnkumu sahillərində Rusiya bayrağı altında üzən quru yük gəmisi batıb. Bu barədə “Anadolu” agentliyi xəbər verir.
Dənizçilərin xilas edilməsi üzrə əməliyyata başlanılıb.
"15 nəfərə yaxın heyət üzvünün xilas edilməsi istiqamətində əməliyyat keçirilir", - deyə "Anadolu" agentliyi Bartın vilayətinin valisi Sinan Günerə istinadən bildirib.
O qeyd edib ki, hadisə zamanı həlak olanlar barədə hələ məlumat yoxdur.
“Pis hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir”, - deyə S.Güner əlavə edib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindəki (AFAD) mənbənin “İnterfaks”a verdiyi məlumata görə, Türkiyə sahillərində batmış Rusiyanın "Arvin" quru yük gəmisinin komanda üzvləri arasında hələ itki yoxdur.*