Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində iştirak etmək üçün Qars şəhərinə gəliblər. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“1-12 fevral tarixlərində Qars şəhərində Azərbaycanla “Qış təlimi-2021” birgə hərbi təlimləri keçirəcəyik. Azərbaycanlı hərbçilər artıq Qars şəhərinə gəliblər. "Bir millət, iki dövlət" anlayışımızla "bir ürək, bir bilək, bir yumruq" olaraq fəaliyyətimizə davam edəcəyik!” - deyə məlumatda bildirilib.
Daha əvvəl Türkiyənin "Haberturk" nəşrinin yaydığı məlumata görə, təlimlərə tank bölükləri, artilleriya batareyaları, snayper komandaları, xüsusi təyinatlılar komandanlığının şəxsi heyəti, xüsusi təyinatlılar və helikopterlər cəlb olunacaq.
"Təlimlərin keçirilməsində məqsəd birgə əməliyyatların aparılması zamanı əməkdaşlıq və əlaqələndirmənin təmin edilməsi, silahlanmada olan, anbara yeni daxil olan və ya müdafiə sənayesi müəssisələri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin iş qabiliyyətinin yoxlanılmasıdır",- deyə məlumatda qeyd olunur.
Bundan başqa, güclü qar və şaxtada atış daxil olmaqla qoşunların döyüş qabiliyyətinin yoxlanılması, qış şəraitində hazırlıq səviyyəsinin artırılması, çöl şəraitində ərazidə yerləşmə, təchizat və texniki xidmət, habelə komandanlıq sistemlərinin işinin təmin edilməsi təlimlərin məqsədləri arasında yer alır.*
N.Abbasova