Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlini qoyub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq.
Mərasimdə qeyd olunub ki, yalnız son 3 ildə Azərbaycana hər il 5–10 min ton sulfat turşusu idxal edilir və bu zavodun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq. Məhsulların növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.
“Glassica” Qapalı Səhmdar Cəmiyyətinin şüşə tara məhsullarının (butulka) istehsalı zavoduna investisiya 12 milyon ABŞ dolları təşkil edir. Müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.
Dövlət başçısına məlumat verildi ki, Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Bu, daxili bazarın tələbatı tam ödəməyə və ixrac perspektivi yaratmağa imkan verəcək.
2020-ci ilin iyul ayında “Azərsulfat” MMC və “Glassica” QSC SKSP-nin 22-ci və 23-cü rezidentləri oldu.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb. Hazırda 24 müəssisə SKSP-nin rezidentidir.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.
Bütövlükdə, parkın rezidentləri layihələrə $3,1 milyard sərmayə qoymalıdırlar. Hazırda faktiki olaraq $2,9 milyard sərmayə yatırılıb, növbəti mərhələdə daha $245 milyon vəsait qoyulacaq.**
X.Nəsirzadə