Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.
Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur.
İndiyədək ölkədə vərəqə şüşələrə olan tələbat tamamilə idxal məhsulları hesabına təmin edilib.
“Azerfloat” QSC 2014-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olub.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb. Hazırda 24 müəssisə SKSP-nin rezidentidir.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.
Bütövlükdə, parkın rezidentləri layihələrə $3,1 milyard sərmayə qoymalıdırlar. Hazırda faktiki olaraq $2,9 milyard sərmayə yatırılıb, növbəti mərhələdə daha $245 milyon vəsait qoyulacaq.**
B.Rüstəmbəyov