2020-ci ildə Azərbaycana 795,7 min və ya əvvəlki illə müqayisədə 4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Turist axınının kəskin azalması koronavirus infeksiyasının yayılması və 2020-ci ilin mart ayından Azərbaycan ərazisinə girişin qadağan edilməsi ilə şərtlənib.
2020-ci ildə ölkəmizə gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 23,2 faizi Gürcüstan, 20,2 faizi Türkiyə, 9,1 faizi İran, 2,1 faizi Ukrayna, 1,6 faizi Hindistan, 1,5 faizi Səudiyyə Ərəbistanı, 1,1 faizi Qazaxıstan, hər birindən 1,0 faiz olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan, hər birindən 0,9 faiz olmaqla Küveyt və Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, 0,5 faizi İsrail, hər birindən 0,4 faiz olmaqla Almaniya və İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Gələnlərin 81,1 faizini kişilər, 18,9 faizini qadınlar təşkil edib.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 23,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,0 dəfə azalaraq 110,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 273,4 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,0 faizi dəmir yolu və avtomobil, 27,6 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2019-cu illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,8 dəfə azalaraq 1164,6 min nəfər olub. Ölkə vətəndaşlarının 29,2 faizi İrana, 26,4 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 16,4 faizi Türkiyəyə, 9,1 faizi digər ölkələrə səfər edib.
“2020-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 73,2 faizi dəmir yolu və avtomobil, 23,8 faizi hava, 3,0 faizi isə dəniz nəqliyyatından istifadə edib”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə