Prezident İlham Əliyev bu gün “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Fərmana əsasən, Fondun nizamnamə kapitalı 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.
Prezident, həmçinin Qarabağ Dirçəliş Fondunun Nizamnaməsini və strukturunu təsdiq edib.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Maliyyə Nazirliyi Fondun nizamnamə kapitalının maliyyələşdirilməsini təmin etməlidir.
Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 4-də ““Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında” Fərman imzalayıb.
“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır.
Fondun fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Fondun vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır: fiziki və hüquqi şəxslərin ianələri; qrantlar; qanunla qadağan olunmayan digər mənbələr.
Fond dövlət qeydiyyatına alınanadək vəsaitlər Fondun xüsusi xəzinə və bank hesablarında toplana bilər.*
B.Rüstəmbəyov