Prezident İlham Əliyev bu gün “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilir. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edirlər.
Xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin layihəsini və xüsusi nümayəndəliklərin fəaliyyətinin təşkilinə dair təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.*
B.Rüstəmbəyov