2020-ci ildə dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən dövlət büdcəsinə 71,8 milyon manat vəsait ($42,2 milyon) daxil olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
“2020-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 61,5 milyon manat təşkil edib və illik proqnoz 99,2% icra olunub”, - deyə məlumatda bildirilir.
Dövlət əmlakının icarəsindən isə büdcəyə 10,3 milyon manat ödənilib və illik proqnoza 128,8% əməl edilib.
“2020-ci ildə 47 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 24 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış sahəsi, 3 yarımçıq tikili və 100 nəqliyyat vasitəsi özəlləşdirilib. Ötən il ərzində qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə 258 müqavilə bağlanıb, 320 icarə müqaviləsinin müddəti uzadılıb. Müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzrə isə ümumilikdə 160 icarə müqaviləsi bağlanıb, 4 icarə müqaviləsinin müddəti artırılıb”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov