Füzuli-Şuşa avtomobil yolu 2022-ci il ərzində istifadəyə veriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
“Füzuli şəhərindən başlayaraq Şuşa şəhərinə qədər uzanan və yeni trassa üzrə hazırlanmış layihə əsasında I texniki dərəcəli magistral avtomobil yolunun tikintisinə başlanılıb. Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu qısalaraq 84,6 kilometr təşkil edəcək. İlkin hesablamalara əsasən, inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 kilometr olacaq. Yeni Füzuli-Şuşa magistral avtomobil yolu layihəsinin icrası 2022-ci il ərzində tamamlanacaq”, - deyə məlumatda bildirilir.
Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 kilometri 6, 48-84,6 kilometri isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edəcək.
“Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 kilometrlik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. İki hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci kilometrliyindən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsilə keçməklə inşa ediləcək”, - deyə məlumatda qeyd olunur.
Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir.*
X.Nəsirzadə