2020-ci ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 12 milyard 267,7 milyon kubmetr təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 17,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2020-ci ildə magistral qaz kəmərləri ilə nəql edilən qazın 41,4%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - deyə məlumatda bildirilir.
Bütövlükdə, ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə 29 milyard 610,8 milyon kubmetr qaz (artım 7,6%) nəql edilib.
Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstana və əsasən də Türkiyəyə ixrac olunur. Bununla yanaşı, Azərbaycan Türkiyəyə yalnız bu yataqdan qaz tədarük edir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova