Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.
Azərbaycan Prezidentinin saytında dərc olunmuş məlumata görə, dövlət başçıları Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı müzakirələr aparıblar.
"Bu, “Kəpəz” yatağıdır. “Dostluq” onun yeni adıdır", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Türkmənistan tərəfinin “Sərdar” adlandırdığı “Kəpəz” yatağı 1986-cı ildə azərbaycanlı mütəxəssislər tərəfindən kəşf edilib. Azərbaycan tərəfinin məlumatına görə, yatağın neft ehtiyatları təqribən 50 milyon ton həcmində qiymətləndirilir.
Yatağın işlənilməsi uzun müddət Azərbaycanla Türkmənistan arasında mübahisə mövzusu olub. SOCAR-ın fikrincə, “Kəpəz” yatağı Xəzərin Azərbaycan sektorunda yerləşir və Azərbaycana məxsusdur. Aşqabad isə yatağın Türkmənistana mənsub olduğunu bəyan edib.
Azərbaycan dəfələrlə Türkmənistana "Kəpəz" yatağının mənsubluğu ilə bağlı mübahisənin həlli variantı kimi yatağın birgə işlənilməsini təklif etsə də, məsələ açıq qalıb.*
N.Abbasova