2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin sayı 56,292 min nəfər və ya 0,6% artaraq dekabrın 1-nə 10 milyon 123,4 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1002 qadın düşür.
11 ay ərzində ölkə üzrə 116,454 min doğulan körpə qeydə alınıb ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 9,9% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Doğulanların 53,3%-i oğlan, 46,7%-i isə qız uşaqlarıdır. Körpələrin 3,106 mini əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.
2020-ci ilin yanvar-noyabr aylarında 61,147 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 6,7 təşkil edib. 2019-cu ilin yanvar-noyabr aylarında bu göstərici 5,6 olub.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 32,437 min nikah (2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə azalma 44,4%) və 13,439 min boşanma halı (azalma 14%) qeydə alınıb.
Yanvar-noyabr aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1516 nəfər gələn və 531 nəfər ölkədən gedən qeydə alınıb.*
X.Nəsirzadə