2020-ci ilin yanvar-noyabr aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 35 milyon 549,7 min ton təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 25,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəhliz çərçivəsində 11 milyon 665 min ton yük və ya bütün yükdaşımaların 32,8%-i dəmir yolu nəqliyyatı (2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə azalma 3,8% - İF), 19 milyon 318,3 min tonu və ya 54,3%-i avtomobil nəqliyyatı (azalma 37,8%), 4 milyon 566,4 min tonu və ya 12,9%-i dəniz nəqliyyatının (artım 3,4%) payına düşüb.
Ötən ilin 11 ayı ərzində dəhlizlə daşınmış tranzit yüklərin payı bu istiqamətdə yükdaşımaların ümumi həcminin 21,2%-ni və ya 7 milyon 535 min ton (artım 3,5%) təşkil edib.
Yanvar-noyabr aylarında yükdaşımaların azalması koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərlə izah olunur.
2019-cu ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 milyon 761,9 min ton yük, o cümlədən 8 milyon 77,2 min ton (15,3%) tranzit yük daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova