2021-ci il yanvarın 1-nə Azərbaycanda 155,435 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin sonuna olan göstəricidən 6,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ildə 9,619 min hüquqi şəxs qeydiyyata alınıb, 417 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2021-ci il yanvarın 1-nə respublikada 11,553 min kənd təsərrüfatı (artım 3,2%), 8,5 min təkrar emal (artım 8,7%), 14,747 min tikinti müəssisəsi (artım 7,4%) fəaliyyət göstərir.
Bundan başqa, hesabat ilinin əvvəlinə topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 43,988 min (artım 7,9%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,906 min (artım 5,3%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 2,16 min (artım 7,2%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 7,76 min (artım 9,5%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 4,103 min (artım 10,2%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 2,166 min hüquqi şəxs (artım 3,9%) qeydiyyata alınıb.
2021-ci il yanvarın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 142,977 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 92%-i) özəl müəssisələrin (o cümlədən 12,309 min hüquqi şəxs xarici, 3,016 min hüquqi şəxs birgə müəssisələrin), 10,729 min hüquqi şəxs (6,9%) dövlət müəssisələrinin, 1,729 min hüquqi şəxs (1,1%) bələdiyyə müəssisələrinin payına düşür.
Bundan başqa, 2021-ci il yanvarın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1 milyon 62,537 min fiziki şəxs qeydiyyatdan keçib. 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə onların sayı 16,2% artıb.
Kənd təsərrüfatı sahəsində 341,982 min, emal sənayesi sahəsində 22,957 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 228,742 min fiziki şəxs fəaliyyət göstərir.
Maliyyə və sığorta fəaliyyəti ilə 4,226 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 14,759 min, inzibati və yardımçı xidmətlər sahəsində 21,415 min, tikinti fəaliyyəti ilə 21,306 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 42,971 min, nəqliyyat və anbar təsərrüfatı ilə 116,831 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 13,816 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.*
Ə.Məmmədov