İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 24-25 yanvar tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
“İran XİN başçısı 24-25 yanvar tarixlərində Azərbaycana səfər edəcək. Səfər zamanı o, Azərbaycan rəsmiləri, o cümlədən baş nazirin müavini Şahin Mustafayev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Görüşlərdə qarşılıqlı iqtisadi əməkdaşlıq məsələləri və regional proseslər, o cümlədən Qarabağda mövcud vəziyyət müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.
Səfirlikdən dəqiqləşdiriblər ki, görüşlər çərçivəsində iki ölkənin ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq və s.), İranın 10 noyabr Bəyanatı (Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanıb) formatında altı tərəfli regional əməkdaşlığın inkişafında iştirakı, İran şirkətlərinin Dağlıq Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı, Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı ilə bağlı məsələlər müzakirə mövzusu olacaq.
“İran xarici işlər naziri Azərbaycandan sonra Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfər edəcək və bu ölkələrin rəsmiləri ilə regional əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə