“SOCAR Aviation” şirkəti (“SOCAR Turkiye Enerji”nin örəmə strukturu) İzmirin “Adnan Menderes” hava limanında yanacaqdoldurma məntəqəsini istifadəyə verib.
“Dövlət Hava Meydanları İşlətməsi (DHMİ) tərəfindən elan edilən tenderi “SOCAR Aviation” markası ilə qazandıqdan sonra istismara verilən “Adnan Menderes” yanacaqdoldurma məntəqəsi, ilk yanacaq tədarükünü 2020-ci il dekabrın 5-də “Türk Hava Yolları” (THY) üçün həyata keçirdi”, - SOCAR-ın məlumatında deyilir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
SOCAR-ın məlumatına görə, “SOCAR Aviation” “Adnan Menderes” hava limanında yanacaqdoldurma məntəqəsini istismara verilməsinə dair Enerji Bazarı Tənzimləmə Təşkilatının (EPDK) lisenziyasını alıb.
“Adnan Menderes” yanacaqdoldurma məntəqəsində iki ədəd 750 kubmetrlik təyyarə yanacağı çəni yerləşir. Ümumilikdə 2,5 min kvadrat metr sahədə qurulmuş məntəqə mövcud infrastrukturu ilə illik 182 min kubmetrlik yanacaqdoldurma potensialına malikdir. Bu potensial hava limanının ümumi tələbatının 60%-ni qarşılayır. Bu çərçivədə ildə 9 min təyyarənin yanacaq təchizatı nəzərdə tutulur”, - məlumatda deyilir.
Şirkət qeyd edir ki, bu yanacaqdoldurma məntəqəsi nəzərə alınmaqla, “SOCAR Turkiye Enerji” hava nəqliyyatı üçün ümumilikdə iki yanacaqdoldurma kompleksinə malikdir. Birinci məntəqə Muğlanın “Milas-Bodrum” hava limanında açılıb.
“Gələcəkdə “SOCAR Aviation” yeni yanacaqdoldurma komplekslərinin istifadəyə verilməsini planlaşdırır”, - məlumatda qeyd olunur.
“SOCAR Aviation” 2013-cü ildə hava nəqliyyatı sektorunda fəaliyyətə başladıqdan sonra bir sıra hava limanının təyyarə yanacağı tədarükçüsünə çevrilib. Muğla “Milas-Bodrum” ve İzmir “Adnan Menderes “hava limanları ilə yanaşı İstanbul “Sabiha Gökçen”, Antalya, Muğla “Dalaman”, Ankara “Esenboğa”, Trabzon, Samsun Çarşamba, Adana, İstanbul İGA hava limanlarının da yanacaq ehtiyacını qarşılayır. **
N.Abbasova