Rəsmi London Qarabağda erməni işğalından azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana köməklik göstərməyə hazırdır. Bunu Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp deyib.
Cümə günü Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov səfir Ceyms Şarp ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindənməlumat verilib.
“Diplomat Qarabağ müharibəsində qazanılan Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib və Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edib. O, ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana kömək göstərə biləcəyini bildirib”, - məlumatda deyilir.
Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Hazırda Türkiyə və Rusiyadan olan mütəxəssislər Qarabağda azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana köməklik edirlər. **
B.Rüstəmbəyov