Rəsmi Bakı Dağlıq Qarabağın statusuna dair məsələnin müzakirəsini aktual hesab etmir. Bu barədə Azərbayxan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəyan edib.
“Bölgənin gələcək statusu və Dağlıq Qarabağın erməni əhalisi və irsinin təhlükəsizliyinin təmin olunması məsələsi ilə bağlı mövqeyimiz bəllidir və birmənalı şəkildə dəfələrlə ifadə olunub. Ermənistanda bu mövqe ilə tanış olmayanhər kəsin diqqətinə bir daha çatdırırıq ki, Azərbaycan prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb”, - Abdullayevanın Avropa Parlamentinin 20 yanvar 2021-ci il tarixli qəbul etdiyi qətnamə ilə bağlı bəyanatında qeyd olunur.
Onun sözlərinə görə, erməni əhalisinin və irsinin təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan ərazisindəki bütün vətəndaşların hüquqları etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq Azərbaycan Konstitusiyası ilə təmin olunur, tarixi-mədəni abidələr isə dövlət səviyyəsində qorunur.
Bütövlükdə, Azərbaycan XİN bu qətnaməni “əsassız və gecikmiş” kimi dəyərləndirir.
Həmçinin Abdullayeva Türkiyənin ünvanına əsassız ittihamları tənqid edib. “Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və bu xüsusda müstəsna rol oynayır”, - o bildirib.
Yanvarın 20-də Avropa Parlamenti “Ümumi xarici və təhlükəsizlik siyasəti” və “Ümumi təhlükəsilzik və müdafiə siyasəti”nə dair illik hesabatar qəbul edib. Həmin sənədlərdə AP Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsini, həmçinin erməni əhalisi, erməni mədəni irsin təhlükəsizliyini, məcburi köçkünlərin və qaçqınların yaşadıqlara yerlərə təhlükəsiz qayıtmalarını təmin etməyi tələb edir. Həmçinin, qətnamədə Türkiyəyə həmçinin, Azərbaycana hərbi kömək təklif etməklə, Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməkdən çəkinmək, pozucu hərəkətlərdən çəkilmək və sülhə fəal yardım etməya dair çağırış öz əksini tapıb. **
X.Nəsirzadə