2020-ci ildə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 0,56% - 1yanvar 2021-ci il tarixinə $43 milyard 564,3 milyonadək artıb. Bu barədə ARDNF-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda vurğulanır ki, koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-nin büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına ARDNF-nin aktivlərinin həcmində artım baş verib.
Xüsusilə, 2020-ci il ərzində büdcədənkənar və idarəetmə gəlirlərinin həcmi ümumilikdə $3,2 milyard təşkil edib.
2020-ci ildə Fondun gəlirləri 9 milyard 360,8 milyon manat, mənfəət nefti və qazının satışından gəlirləri 6 milyard 587,3 milyon manat, tranzit gəlirləri 20,4 milyon manat, bonus ödənişləri 767,8 milyon manat, akrhesabı ödənişlər 6,7 milyon manat təşkil edib. Hesabat dövründə fondun aktivlərinin idarə olunmasından 1 mlyard 978,6 milyon manat gəlir və ya ARDNF-in bütün gəlirlərinin 21,2% əldə edilib.
2020-ci ilin yekunları üzrə ARDNF-in valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar gəlirləri 3 milyard 473,9 milyon manat təşkil edib.
2020-ci ildə Fondun xərcləri 12 milyard 425,3 milyon manat təşkil edib.
Fond dövlət büdcəsinə 12 milyard 200 milyon manat vəsait transfert edib, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 4,1 milyon manat yönəldib, qurumun idarə edilməsi ilə bağlı xərclər isə 21,2 milyon manata bərabər olub.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova