S&P Global Ratings Beynəlxalq reytinq agentliyi 2021-2024-cü illərdə manatın dollara nisbətən orta məzənnəsini 1.7AZN/$1 səviyyəsində proqnozlaşıdırır.
“Güman edirik ki, Azərbaycan manatın ABŞ dollarına 1,7 manat səviyyəsində faktiki bağlılığını saxlayacaq, buna hökumətin valyuta bazarında müntəzəm intervensiyaları imkan yaradır”, - agentlik qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Agentliyin qiymətləndirmələrinə görə, 2020-ci ildə devalvasiya təzyiqləri gücləndiyindən, ARDNF-nin iştirakı ilə AMB-nin valyuta hərracları xarici valyutanın kifayət qədər təklifini təmin edib, apreldən may ayına qədər idxal hesablarının azalması isə sabit valyutaya tələbi azaldıb.
“Zənnimizcə, əgər uzun müddət ərzində karbohidrogenin qiymətləri aşağı səviyyədə qalarsa, 2015-ci ildə olduğu kimi, xarici valyuta ehtiyatlarının mühüm itkilərinə imklan verməmək üçün rəsmi orqanlar mübadilə məzənnəsinin dəyişməsinə icazə verə bilərlər”, - agentlik vurğulayır.
Eyni zamanda, S&P-nin proqnozlarına əsasən, 2021-2022-ci illərdə Brent markalı neftin bir barrel qiyməti $50, 2023-cü ildə - bir barrel üçün $55 (2020-ci ildə - bir barrel üçün təxminən $41) təşkil edəcək. **
A.Əzizov