Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva müvafiq beynəlxalq təşilatlara Ermənistanda azərbaycanlı əsirlərlə qəddar rəftara dair hesabat ünvanlayıb. Bu barədə Ombudsman Aparatından məlumat verilib.
“Ermənistan və Azərbaycan arasında dekabrın 14-dən başlayaraq hərbi əsir, eyni zamanda girovların dəyişdirilməsi prosesi başlanıb. Ombudsman Səbinə Əliyevanın geri qaytarılan hərbi əsir və girovlarımıza baş çəkərkən apardığı fərdi söhbətlər zamanı onlar Ermənistanda məruz qaldıqları işgəncə və qeyri-insani rəftar halları barədə məlumat veriblər. Hesabatın hazırlanması zamanı həmin əsir və girovların ifadələri, sosial şəbəkələrdə yayılmış materiallar və əldə edilmiş digər faktlardan istifadə edilib", - deyə məlumatda bildirilir.
Ermənistan hərbi-siyasi rəhbərliyinin beynəlxalq humanitar hüquq normaları, xüsusən Cenevrə Konvensiyalarının müddəalarını kobud şəkildə pozmaqla törətdiyi cinayətlərlə bağlı müvafiq beynəlxalq qurumlara çağırış edilib və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması tələb olunub.
Eyni zamanda, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə qarşı münasibət və onların hüquqlarının təmini vəziyyətinin Azərbaycan Ombudsmanı tərəfindən monitorinq edildiyi də diqqətə çatdırılıb.*
X.Nəsirzadə