Baş Prokurorluq Qarabağda vuruşan 17 muzdlu döyüşçü barəsində axtarış elan edib. Bu barədə baş prokuror Kamran Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.
“27 sentyabr 2020-ci il tarixindən etibarən erməni silahlı qüvvələri tərəfindən aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluqda 62 cinayət işi başlanaraq, həmin işlər üzrə 17 muzdlu döyüşçü və Ermənistan Respublikasının 4 vətəndaşı barəsində, cəmi 21 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarış elan edilib”, - deyə o qeyd edib.
Baş prokuror vurğulayıb ki, Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının rayon və şəhərlərinin ərazisinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılıb. Erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər qətlə yetirilib, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın yaralanıb.*
X.Nəsirzadə