Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan bəyan edib ki, İrəvan 5-ci nəsil silahların tətbiq olunduğu "təmassız" müharibəyə hazırlaşmağa macal tapmayıb.
"Hücum bölmələrinin yaradılması və onların düşmən ərazisində əməliyyat aparmaq üçün hazırlanması, silahlı qüvvələrimizin çoxfunksiyalı qırıcı təyyarələrlə, müxtəlif pilotsuz uçuş aparatları və yüksək dəqiqliyə malik raket-artilleriya sistemləri ilə təchiz edilməsi, habelə kəşfiyyat imkanlarının və xüsusi təyinatlı qüvvələrin inkişafı nəticədə konseptual dəyişikliklərə gətirib çıxarmalı idi. Lakin Ermənistan prezidenti tərəfindən 17 fevral 2018-ci il tarixində təsdiq edilmiş "2018-2024-cü illərdə Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi proqramı", Təhlükəsizlik Şurasının 2019-cu ildə yeni redaksiyada qəbul etdiyi Silahlı qüvvələrin inkişaf Planı, hökumətin yenidən baxdığı "Silah və hərbi texnikanın inkişafı proqramı" tam şəkildə həyata keçirilməmişdir. Biz 5-ci nəsil silahlarının tətbiq olunduğu "təmassız" müharibəyə hazırlaşmağa macal tapmadıq", - deyə Tonoyan Ermənistanın "Mediamaks" agentliyinə müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya Qarabağ müharibəsi dövründə müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün maksimum səy göstərib.
"Müharibə dövründə mən Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə daim əlaqədə olmuşam. Birmənalı şəkildə deyə bilərəm ki, müharibə şəraitində Rusiya özünün müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün maksimum səy göstərmişdir. Bundan başqa, RF müdafiə naziri ilə müntəzəm işgüzar əlaqələr sayəsində bir sıra digər vacib məsələləri də həll etmək mümkün olub", - deyə Tonoyan əlavə edib.*