Tehran Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştirak etməyə hazırdır. Bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Bakıda Prezident İlham Əliyevlə görüşdə deyib.
“Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır. Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik”, - deyə o bildirib.
İranlı nazir Azərbaycan xalqını ölkə ərazilərinin işğaldan azad edilməsi münasibətilə təbrik edib və bunun region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacağına ümidvar olduğunu söyləyib.
Öz növbəsində, Prezident Əliyev qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə şad olar. “Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var”, - deyə o vurğulayıb.*
Ə.Məmmədov