2020-ci ildə “AzerGold” QSC qızıl və gümüşün satışından 186,5 milyon manat (cari məzənnə ilə $109,7 milyon) gəlir əldə edib. Bu barədə “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn müşavirədə məlumat verib.
““AzerGold” QSC-nin hasil etdiyi qızıl və gümüşün dünya bazarına ixracı nəticəsində il ərzində ölkə iqtisadiyyatına ümumilikdə 186,5 milyon manat həcmində vəsait daxil olub”, - deyə o qeyd edib.
İdarə Heyətinin sədri QSC tərəfindən yeni yataqların istismarına hazırlıq çərçivəsində ötən il intensiv kəşfiyyat və tədqiqat işlərinin qrafik üzrə davam etdirildiyini bildirib. Hesabat dövründə QSC-nin 2020-ci il üçün fəaliyyət planına uyğun olaraq perspektiv sahələrdə yeni yataqlarının istismara verilməsi istiqamətində 75 min 778 metr dərinliyində buruq-qazma işləri icra olunub.
Tədbirin davamında QSC-nin Müşahidə Şurasına təqdim edilməsi məqsədilə 2021-ci il üzrə ümumi fəaliyyət planı təsdiq edilib.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.
2019-cu ildə “AzerGold” 55,2 min unsiya qızıl və 103 min unsiya gümüş hasil edib, satışların həcmi 59,2 min unsiya qızıl və 110,9 min unsiya gümüş təşkil edib.*
N.Abbasova