Bakı Rusiya Dövlət Dumasının üzvü Vitaliy Milonovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti təxribat xarakterli bəyanatını qətiyyətlə pisləyir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Rusiya Dövlət Dumasının üzvü V.Milonovun erməni kanalına müsahibəsinə dair şərhində yer alıb.
“Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir. Onun bu çıxışı, həmçinin Rusiya da daxil olmaqla bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir”, - deyə L.Abdullayeva bildirib.
O xatırladıb ki, Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. “Dövlət Dumasının üzvü statusundan istifadə edərək bu münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir və uğursuzluğa düçardır”, - deyə XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, Milonov erməni kanalına verdiyi müsahibədə Qarabağı "qədim erməni torpağı" adlandırıb və onun "vəhşilər"in (Azərbaycanı nəzərdə tutub) hakimiyyəti altına keçdiyini bildirib.
O, 2020-ci il oktyabr ayının 16-da hərbi əməliyyatlar zamanı qanunsuz olaraq Xankəndiyə səfər edərək separatçı rejimin rəhbəri Araik Arutyunyanla görüşüb. Azərbaycanın Moskvadakı səfirliyi bununla əlaqədar Rusiya XİN-ə etiraz notası göndərib. Azərbaycan Milonovun adını ölkəyə girişi qadağan olunan xarici vətəndaşlar siyahısına daxil edib.*
X.Nəsirzadə