Nigeriya sahillərində üzən Türkiyəyə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurlarının hücumu nəticəsində Azərbaycan vətəndaşının öldürülməsi faktı ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.
Xəbər verildiyi kimi, 23 yanvar 2021-ci il tarixində Nigeriya sahillərində üzən Türkiyənin “Boden denizcilik” şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilib. 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb.
“Öldürülən şəxsin Azərbaycan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü, gəmidə 2-ci mühəndis vəzifəsində çalışan Fərman Əli oğlu İsmayılovun olduğu müəyyən edilib. Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq zəruri istintaq əməliyyat tədbirləri həyata keçirilir”, - deyə Baş Prokurorluğun məlumatında bildirilir.
Hazırda ölkəmizin Xarici İşlər Nazirliyi, habelə xarici ölkələrin aidiyyəti qurumları ilə intensiv danışıqlar aparılmaqla, qeyd olunan cinayət işi üzrə Türkiyə, Qabon və Liberiyanın səlahiyyətli orqanlarına hüquqi yardım haqqında sorğular hazırlanır.
“Baş Prokurorluq tərəfindən təxirəsalınmadan Liberiyanın Baş Prokurorluğu ilə əlaqə yaradılıb və qarşı tərəf bu məsələnin araşdırılmasında Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirib", - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə