Prezident İlham Əliyev “BakuBus” MMC-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında fərman imzalayıb.
Fərmanın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Sənədə əsasən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” MMC də daxil edilib. Beləliklə, 22 dövlət şirkəti AİH-in idarəetməsinə veriləcək.
“BakuBus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “BakuBus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.
Prezident İlham Əliyev avqustun 7-də “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Holdinqin nizamnamə kapitalı 10 milyon manatdır.
Holdinqin yaradılmasında məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.
Holdinqin Müşahidə Şurasının sədri baş nazir Əli Əsədov, İdarə Heyətinin sədri Mətin Eynullayevdir.
İlkin mərhələdə SOCAR, “AzerGold” QSC, “Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC AİH-in idarəetməsinə verilir.*
N.Abbasova