AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayını gündə 3 dəfəyədək artırır
Fevralın 1-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını artırır.
“Fevralın 1-dən qeyd edilən reyslərin gündəlik sayı bir dəfədən üç dəfəyə qədər artacaq. Bakıdan uçuş saat 08:00, 13:40 və 19:20-də, Naxçıvandan uçuş saat 10:50, 16:30 və 22:10-da həyata keçiriləcək”, - AZAL-ın məlumatında qeyd olunur.
Reyslərə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.
Qeyd edilən istiqamət üzrə aviabiletlərin alınması məsələləri ilə bağlı AZAL-ın çağrı mərkəzinə WhatsApp mesenceri vasitəsilə aşağıdakı nömrələr üzrə müraciət etmək xahiş olunur: (Bakı-Naxçıvan reysləri üçün) (+994 55) 204 65 54 və (Naxçıvan-Bakı reysləri üçün) (+994 60) 487 30 11.
Aviabiletləri, həmçinin fevralın 1-dən açılması nəzərdə tutulan aviaşirkətin satış nöqtələrində əldə etmək mümkündür.
Pandemiya dövründə təsdiq edilən qaydalara əsasən əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya 30x35x10 santimetr ölçüdə portativ kompyuter çantasının (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) götürülməsinə icazə verilir.
Digər baqaj, o cümlədən kağız və polietilen paketlər baqaj bölməsində qeydiyyatdan keçirilməlidir.
Pulsuz daşınan baqajın maksimal yol verilən çəkisi 23 kiloqramdır, ölçüləri üç ölçünün cəmində 158 santimetrdən çox olmamalıdır. **
N.Abbasova