Regionda nəqliyyat kommunikasiyalarının bərpası çərçivəsində dəmir yolu layihələri Azərbaycan üçün prioritet təşkil edir. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“İndi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir. Burada əlbəttə ki, Horadiz-Zəngilan dəmir yolu, ondan sonra Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir və digər layihələr də, həmçinin”, - Əliyev çərşənbə axşamı Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
Əliyev qeyd edib ki, Qarabağ müharibəsindən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır. “Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir”.
«Mənim tərəfimdən göstəriş verildi ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi başlasın. Artıq start verildi və digər layihələr də, həmçinin. (...) Füzuli Hava Limanının inşası başlamışdır. Qeyd etdiyim kimi, Kəlbəcər, yaxud Laçın rayonlarının ərazisində ikinci hava limanı inşa ediləcək. Biz Füzuli-Şuşa avtomobil yolunun inşasına start vermişik”, - prezident əlavə edib. **
Ə.Məmmədov