Azərbaycan hökuməti ƏDV-dən müvəqqəti azad olma nəzərdə tutulmuş bir sıra mallar üzrə azad olma müddətinin uzadılmasını təklif edir.
Bu, baxılması üçün Milli Məclisə təqdim olunan Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur.
Xüsusilə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışını ƏDV-dən azadolmanın 2022-ci il yanvarın 1-dək uzadılması təklif olunur.
Həmçinin ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsini ƏDV azad edilmiş və azadolma müddətini 2021-ci ilin sonunadək uzadılması təklif edilir.
Kəpəyin istehsalı və satışına tətbiq edilən azadolmanın müddətinin 1 mart 2022-ci ilədək uzadılması təklif olunur.
Dəyişikliklərə əsasən, həmçinin hökumət qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə təsdiqedici sənəd əsasında dəzgah, avadanlıq və qurğuların idxalının - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə və külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, eləcə də idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad edilməsi təklif edir. **
Ə.Məmmədov