Azərbaycan hökuməti qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər tütün məhsullarını aksiz dərəcəsi tətbiq ediləcək malların siyahısına daxil etməyi təklif edir.
“Parlamentə baxılması üçün təqdim olunan Vergi Məcəlləsinə dəyişikliklərdə bu əksini tapıb”, - “İnterfaks-Azərbaycan”a parlamentdən məlumat verilib.
Bundan başqa, Azərbaycanda istehsal edilən “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərə, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulların aksiz dərəcəsinin tətbiqi təklif olunur.
Dəyişikliklərə əsasən, qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin hər kiloqramına 30 manat aksiz dərəcəsinin tətbiqi təklif olunur.
Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulların 1 min ədədinə 12,9 manat aksiz dərəcəsi tətbiq etmək təklif edilir.
Həmçinin, dəyişikliklərdə nazik siqaretlərin 1 min ədədi üçün aksiz dərəcənin 31 manatdan 43 manata (artım 38,7%), tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri 1 min ədədi üçün aksiz dərəcənin 31 manatdan 35 manata (artım 12,9%), elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq edilən aksiz dərəcəsi 20 manatdan 220 manatadək (artım 11 dəfə) artırılması nəzərdə tutulur. **
Ə.Məmmədov