Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a XİN-dən məlumat verilib.
“Görüşdə RF Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan deputatı Vitaliy Milonovun erməni KİV-ə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili qarşısında qaldırılıb. Qeyd olunub ki, Dövlət Dumasının deputatının bu davranışı yolverilməzdir”, - XİN-dən qeyd olunub.
XİN-dən bildirilir ki, Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addım iki ölkə arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.
“Vurğulanıb ki, Milonovun səsləndirdiyi fikirlər Moskvanın rəsmi mövqeyini əks etdirmir və bu kimi addımlar iki ölkə arasında münasibətlərə xələl gətirir və əldə olunan razılaşmanın həyata keçirilməsinə əngəl törətmək məqsədi daşıyır”, - XİN-dən məlumat verilir.
Öncə Milonov erməni kanalında “Mövqe” proqramına verdiyi müsahibədə Qarabağı "qədim erməni torpağı" adlandırıb və onun "vəhşilər"in (Azərbaycanı nəzərdə tutub) hakimiyyəti altına keçdiyini bildirib.
RF Dövlət Dumasının deputatı Vitaliy Milonov 2020-ci il oktyabr ayının 16-da hərbi əməliyyatlar zamanı qanunsuz olaraq Xankəndiyə səfər edərək separatçı rejimin rəhbəri Araik Arutyunyanla görüşüb. Azərbaycanın Moskvadakı səfirliyi bununla əlaqədar Rusiya XİN-ə etiraz notası göndərib. Azərbaycan Milonovun adını ölkəyə girişi qadağan olunan xarici vətəndaşlar siyahısına daxil edib.**
Ə.Məmmədov