Azərbaycan mart ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələrin imzalanacağına ümid edir.
“2020-ci ilin yanvar ayında “Masdar” şirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Hazırda şirkətlə müzakirələr davam edir və mart ayında digər müqavilələrin imzalanması gözlənilir”, - deyə İqtisadiyyat Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Ehtimal olunur ki, ötən ilin dekabr ayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti ilə külək elektrik stansiyasının tikintisi ilə bağlı bağlanmış müqavilələr (“İnvestisiya sazişi”, “Elektrik enerjisinin alqı-satqısına dair” saziş və “Paylayıcı şəbəkəyə qoşulmaya dair” saziş) “Masdar” şirkəti ilə də bağlanacaq.
Daha əvvəl energetika naziri Pərviz Şahbazov bildirmişdi ki, “Masdar” şirkəti ilə günəş elektrik stansiyasının tikintisi üzrə əsas müqavilələrin bağlanması üçün bütün prosedurlar mart ayının 1-dək yekunlaşdırılacaq.
“Masdar” şirkətinin inşa edəcəyi günəş elektrik stansiyası Bakıdan 75 km cənub-qərbdə yerləşəcək. Stansiyanın inşası iki ilə yaxın vaxt aparacaq. Layihəyə investisiya qoyuluşu $100 milyonadək məbləğdə qiymətləndirilir.
“ACWA Power” və “Masdar” şirkətlərinin iştirakı ilə layihələr build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihələrin reallaşdırılmasına ümumi sərmayə qoyuluşu təxminən $400 milyon məbləğində qiymətləndirilir.
Bu iki layihənin reallaşdırılması Azərbaycana illik 300 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bu da ölkə əhalisi tərəfindən il ərzində istehlak olunan qazın ümumi həcminin 10%-ni təşkil edir.
Azərbaycanda enerji sisteminin ümumi gücünün 17%-i və ya 1,276 min MVt-ı bərpa olunan enerji mənbələrinin payına düşür. 2019-cu ilin yekunları üzrə ölkədə elektrik enerjisinin faktiki istehsalında bərpa olunan enerji mənbələrinin payı iri su elektrik stansiyalarının gücü nəzərə alınmaqla 7,9% təşkil edib.*
N.Abbasova