Prezidentin Şuşada xüsusi nümayəndəsinin təyin olunması ilə şəhərdə mülki idarəetmə institutunun yaradılmasına başlanılıb. Bunu Prezident İlham Əliyev deyib.
“Şuşanın qorunması ilə bağlı müvafiq göstərişlər verilib. Azərbaycan hərbçiləri Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar və saxlayacaqlar. Şuşada komendantlıq yaradılıb və indi isə mülki idarəetmə institutu yaradılır. Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir”, - deyə dövlət başçısı yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
“Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”, - deyə o vurğulayıb.
Prezident əlavə edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi 28 il ərzində Şuşa şəhərini erməniləşdirməyə müvəffəq olmadı. “Ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmişlər. Baxmayaraq ki, 28 il ərzində buna çalışmışdılar, bir çox xarici qonaqları qanunsuz olaraq Şuşaya gətirmişdilər, Şuşa haqqında uydurmalar ortaya atmışdılar, Şuşanın adını dəyişdirmişdilər. Amma buna baxmayaraq, heç kim buna inanmırdı. Çünki Şuşaya gələn hər bir insanın fikri ondan ibarət idi və hər bir insan öz gözü ilə görürdü ki, Şuşanın memarlıq ansamblı Azərbaycan memarlıq məktəbini təcəssüm etdirir. İndi qədim tarixi saxtalaşdırırlar, indi saxta kitablar yazdırırlar, simpoziumlar, tədbirlər keçirirlər. Amma bu, nisbətən yaxın tarixdir”, - deyə İ.Əliyev qeyd edib.
Dövlət başçısı, həmçinin şəhərin bərbad vəziyyətdə olan infrastrukturunun bərpası ilə bağlı göstəriş verib.
“Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir. Siz Azərbaycan Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə bu proqramı işləyin. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatı keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərimizin gedişi ilə bağlı məlumatlandırılmalıdır”, - deyə İ.Əliyev vurğulayıb.*
X.Nəsirzadə