İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bu gün iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
“Görüşdə M.Cabbarov ABŞ-la iqtisadi, ticarət, sənaye və s. sahələrdə tərəfdaşlığın inkişaf etdiyini qeyd edib. Nazir işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadənin, həmçinin xarici investorlar üçün xüsusi təşviq proqramlarının, ərazilərin inkişafı üçün xarici şirkətlərin cəlb edilməsinin nəzərdə tutulduğunu bildirib”, - deyə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.
Ö.Litzenberger Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə təbriklərini çatdırıb, regionda dayanıqlı sülhün bərqərar olmasının önəmini vurğulayıb.
“Səfir ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazır olduqlarını qeyd edib, xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlarını diqqətə çatdırıb.Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova