Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan ilə görüşüb. Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Görüş zamanı Azərbaycan və Fransa arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivi, həmçinin 2020-ci ilin Vətən müharibəsi və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Dövlət katibi hazırkı səfərin məqsədinin Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqələrin inkişafı üçün zəmin yaratmaq olduğunu deyib. O, eyni zamanda, Azərbaycanın işğaldan azad olunan ərazilərinə UNESCO missiyasının gəlməsi ilə bağlı məsələyə toxunub.
“A.Kərimov bu məsələyə dair hazırda danışıqların davam etdiyini bildirərək, müstəqil ekspertlərdən ibarət UNESCO missiyasının, təşkilatın 1954-cü il Haaqa Konvensiyasına və digər BMT sənədlərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində, beynəlxalq hüquqda mədəni mülkiyyət hesab olunan bütün müəssisə və abidələri əhatə etməsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyini diqqətə çatdırıb. Həmçinin missiyanın həyata keçirilməsi üçün təhlükəsizlik baxımından ərazinin ilk öncə minalardan təmizlənməsi və iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edib”, - deyə məlumatda bildirilir.
Nazir, eyni zamanda, Fransa cəmiyyətində, eləcə də UNESCO tərəfindən bu məsələ ilə bağlı daha çox xristian abidələrinə dair fikirlərin səsləndirilməsinin və həmin ərazilərdə dağıdılmış İslam irsi barədə hər hansı mövqeyin ifadə olunmamasının Azərbaycanda təəssüflə qarşılandığını vurğulayıb. “Dini-etnik mənsubiyyətindən və xarakterindən asılı olmayaraq, işğaldan azad olunan ərazilərdəki və ümumilikdə ölkəmizdəki bütün inanc yerlərinin, abidələrin qorunması dövlət siyasəti səviyyəsində həyata keçirilir”, - deyə o vurğulayıb.*
X.Nəsirzadə