2021-ci ilin iyul ayında Trans-Adriatik boru kəmərinin (TAP) ötürülmə qabiliyyətinin mümkün iki dəfə artırılması ilə bağlı bazar tədqiqatlarına başlanacaq. Bu barədə TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) bəyan edib.
“TAP-ın bazar tədqiqatlarının mütləq fazası iyulda başlanacaq. Oktyabr ayına qədər nəticələrin aydın olacağını gözləyirik. TAP konsorsiumu boru kəmərinin gücünün iki dəfə - illik 20 milyard kubmetrədək genişləndirilməsini təklif etmək məqsədilə iki ildən bir bazar tədqiqatları həyata keçirəcək”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, TAP konsorsiumunun Twitter hesabında Şippatinin sözlərindən sitat gətirilir.
Xəbər verildiyi kimi, 2020-ci il dekabrın 31-də TAP ilə Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə başlanıb.
“TAP AG” konsorsiumu 2020-ci il oktyabr ayının 13-də qaz kəmərinin tikintisinin başa çatdığını elan edib. TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur.Qaz kəmərinin ötürmə qabiliyyəti onun gücünü ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.**
N.Abbasova